Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərində vəziyyətə tam nəzarət edir.
BAKU.WS xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer “Freedom” yutub kanalına bildirib.
Onun sözlərinə görə, Putin Kiyevdə yerləşdirilən Qərb hava hücumundan müdafiə sistemləri ilə “Oreşnik” raket kompleksi arasında “duel” təklif etməklə, Rusiya mövqelərinin üstünlüyünü göstərib:
“Putin vəziyyətə nəzarət edir və bizim Ukraynada böyük problemlərimizin olduğunu yaxşı bilir. O, “Oreşnik” raketinin heç bir maneəyə baxmayaraq hədəfə çatacağını anlayır. Məhz buna görə də o, Qərbi bu cür təhrik edə bilir”.
Amerikalı professor əlavə edib ki, Rusiya Qərb ölkələri ilə güclü mövqedən danışıqlara başlaya bilər, çünki Rusiya Silahlı Qüvvələri döyüş zonasında əhəmiyyətli uğurlar əldə edib.
Mirşaymer həmçiinin deyib ki, ABŞ-də keçirilən seçkilərdə qalib gələn prezident Donald Trampı Rusiya lideri ilə çətin danışıqlar prosesi gözləyir: “Rusiyanın mövqeyini zəif adlandıranların fikrini başa düşə bilmirəm. Hesab edirəm ki, məhz Tramp zəif kartlarla oynamaq məcburiyyətindədir”.
Qeyd edək ki, Putin ötən gün canlı efir zamanı “Oreşnik” raket kompleksi ilə bağlı eksperiment keçirməyə hazır olduğunu dilə gətirib. O, hücum vaxtını və yerini öncədən elan etməklə Ukraynaya Qərb hava hücumundan müdafiə sistemlərindən istifadə imkanı yaradılacağını söyləyib.