Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2026″ya qeydiyyat davam edir. 42 km-lik tam marafona qoşulmaq istəyənlər aprelin 25-dək www.marathon.az saytından və ya 28 Mall, Dəniz Mall, Gənclik Mall ticarət mərkəzlərindəki məntəqələrdə qeydiyyatdan keçə bilərlər. Tələbələr üçün qeydiyyat pulsuzdur.
2016-cı ildən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilk dəfə 42 kilometrlik tam marafon olaraq baş tutacaq. Həmişəki kimi Dövlət Bayrağı Meydanından start götürəcək marafonun finiş xətti isə bu dəfə Sea Breeze ərazisi olacaq.
Bununla yanaşı, marafonun iştirakçılarını və tamaşaçıları müxtəlif əyləncələr gözləyir.Start zonasında fərqli əyləncə sahələri, atletlər üçün isinmə zonası qurulacaq, böyük səhnədə sevilən sənətçilərin iştirakı ilə konsert keçiriləcək.
Marafonun əhatə edəcəyi marşrut boyunca iştirakçıları ruhlandırmaq məqsədi ilə müxtəlif motivasiya zonaları, həmçinin su və ilk tibbi yardım məntəqələri təşkil ediləcək. Ümumilikdə marşrut boyu 20 əyləncə nöqtəsi olacaq.
“Bakı Marafonu 2026″nın mükafatlandırılması da yeniliklərlə yadda qalacaq. 42 km-lik qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparan marafonun kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları əldə edəcək.
Bununla yanaşı, daha qısa məsafəni qət edən iştirakçıların da təltif olunması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km məsafəni qət edən ilk 2000 nəfərə medal və sertifikatlar, 10 km məsafəni tamamlayan iştirakçılara isə sertifikatlar veriləcək.
Finiş xəttini keçən “İlk tələbə” (qadın və kişi), “İlk yaşlı iştirakçı” (qadın və kişi), “İlk korporativ iştirakçı” (qadın və kişi) də mükafatçılar sırasında yer alacaqlar.
Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Nyu-York, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarımarafon olaraq 21 km məsafədə keçirilir. 2016-cı ildən bu ənənəyə qoşulan Bakı minlərlə yerli və əcnəbi iştirakçını marafonda öz ətrafında toplayır.