
Türkiyənin Konya şəhərində çarşaf geyinmiş üç qadının zərgərlik mağazasından təxminən 132 min manat (1 milyon 200 min lirə) dəyərində üzük tablasını oğurlaması anı təhlükəsizlik kameralarına düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu həftənin bazar ertəsi günü, şəhərin məşhur Tarixi Bedesten Bazarında baş verib. Məlumata görə, çarşaflı qadınlardan ikisi zərgərlə məşğul olub, ona qızıl bilərziklərin qiyməti ilə bağlı suallar verərək diqqətini yayındırıblar. Bu zaman üçüncü qadın, vitrində yerləşən üzüklərlə dolu olan qiymətli tablanı çarşafının altına gizlədərək oranı tərk edib.
Qadınlar heç nə olmamış kimi mağazanı tərk etdikdən sonra, iş yeri sahibi vitrindəki əskikliyi görüb və təhlükəsizlik kameralarını yoxlayıb. Oğurluq anını qeydə alan sahibkar dərhal polisə müraciət edib.
İlkin araşdırmalara başlayan Konya Təhlükəsizlik Müdirliyinin Asayiş Şöbəsi əməkdaşları, şübhəli qadınların kimliyini müəyyənləşdirərək onların tutulması üçün əməliyyat başladıb.