Son günlər müşahidə olunan hava şəraitinin kəskin dəyişməsi və intensiv yağıntılarla əlaqədar Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən qabaqlayıcı və operativ tədbirlər həyata keçirilib. Mövcud vəziyyət nəzərə alınaraq Birliyin bütün struktur bölmələri gecə saatlarından etibarən gücləndirilmiş iş rejiminə cəlb olunub.
Yağıntıların yaratdığı mümkün fəsadların vaxtında qarşısının alınması məqsədilə MKTB-nin texnika parkı və işçi qüvvəsi tam hazır vəziyyətə gətirilib. Xüsusilə riskli ərazilərdə nəzarət gücləndirilib, monitorinqlər aparılıb və yaranan lokal problemlər operativ şəkildə aradan qaldırılıb.

Fasiləsiz və intensiv yağıntılara baxmayaraq, rayon ərazisində şəhərin ümumi sanitar vəziyyətinin normal saxlanılması təmin edilib. Küçə və məhəllələrdə məişət tullantılarının vaxtında daşınması həyata keçirilib, su basma hallarının qarşısının alınması üçün yağış sularının axıdılması üzrə tədbirlər görülüb.
Eyni zamanda, suaxıdıcı yağış kürəbənd xətləri və drenaj sistemləri mütəmadi olaraq təmizlənib və onların işlək vəziyyətdə saxlanılması təmin olunub. Bu tədbirlər nəticəsində nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklərin yaranmasının qarşısı alınıb.
Nəsimi rayon MKTB tərəfindən bildirilib ki, hava şəraitindən asılı olmayaraq kommunal xidmətlərin fasiləsizliyi təmin ediləcək və vətəndaşların rahatlığı üçün operativ tədbirlərin görülməsi davam etdiriləcək.
Hazırladı : Tural Ümid Akif oğlu
Mənbə : Nəsimi rayon MKTB