
Azərbaycan Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra beynəlxalq məhkəmə instansiyalarında Rusiyaya qarşı iddia qaldırarsa, Moskva rəsmi qərarları gözləyəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bildiyiniz kimi, istintaq hərəkətləri, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, onun haqqıdır. Biz aparılan bütün araşdırmaların və istintaqın qərarını gözləyəcəyik”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib ki, Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb.
“İndi biz hazırlayırıq və artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlayırıq”, – prezident qeyd edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.