Bakının müxtəlif rayonlarında, xüsusilə də Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində çalışan süpürgəçilərin əmək şəraiti ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. İşçilərin iddiasına görə, bayram və istirahət günlərində qanunvericiliyin tələb etdiyi növbəli iş rejimi formal şəkildə göstərilsə də, əslində bir çox hallarda əmək hüquqları kobud şəkildə pozulur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bayram və istirahət günlərində işə cəlb olunan şəxslərə əlavə əməkhaqqı ödənilməli, yaxud əlavə istirahət günü verilməlidir. Kommunal xidmət fasiləsiz fəaliyyət göstərən sahə hesab edildiyi üçün növbəli iş qrafikinin tətbiqi mümkündür. Lakin sual yaranır: bu qaydalara real həyatda nə dərəcədə əməl olunur?
“Növbəli qrafik kağız üzərində qalır”
Kommunal təsərrüfat sistemində çalışan bəzi işçilərin sözlərinə görə, rəsmi sənədlərdə növbəli iş rejimi göstərilsə də, praktikada eyni şəxslər ardıcıl şəkildə həm bayram, həm də bazar günləri işləməyə məcbur edilir.
İşçilər bildirirlər ki, Novruz, Qurban bayramı, Yeni il və digər qeyri-iş günlərində səhər tezdən küçəyə çıxaraq təmizlik işi aparırlar. Əvəzində isə bir çox hallarda nə ikiqat əməkhaqqı verilir, nə də əlavə istirahət günü ayrılır.
Əmək hüquqları üzrə ekspertlərin fikrincə, bu hal Əmək Məcəlləsinin tələblərinə ziddir və ciddi qanun pozuntusu hesab edilə bilər.
Xəstə işçi niyə işə çağırılır?
Ən ciddi iddialardan biri isə xəstəlik vərəqəsində olan işçilərlə bağlıdır. İddialara görə, bəzi süpürgəçilər bülleten aldıqları halda belə işə çağırılır və xəstə vəziyyətdə küçələrdə işləməyə məcbur edilirlər.
Qanunvericiliyə görə, işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə və tibbi arayış — yəni bülleten təqdim etdikdə, onun işə cəlb olunması yolverilməzdir. Belə şəxsin işlədilməsi həm əmək qanunvericiliyinin, həm də sanitariya və təhlükəsizlik normalarının pozulması hesab olunur.
Üstəlik, bülletendə olan işçinin işlədiyi halda ona əlavə əməkhaqqının yazılıb-yazılmaması məsələsi də qaranlıq qalır. Əgər işçi faktiki olaraq işləyirsə, görülən işə görə ödəniş edilməlidir. Əks halda bu, əmək istismarı kimi qiymətləndirilə bilər.
“Süpürgəçi insan deyil?”
Kommunal işçilər cəmiyyətin ən ağır və görünməyən əmək sahələrindən birində çalışırlar. Qışın şaxtasında, yayın istisində küçələri təmiz saxlayan insanlar çox vaxt minimum əməkhaqqı ilə dolanmağa çalışır.
Müşahidələr göstərir ki, bəzi hallarda rəhbərlik tərəfindən işçilərə “işə çıxmasan maaşın kəsilər”, “adam yoxdur, məcbursan işləməyə” kimi təzyiqlər göstərildiyi iddia olunur.
Bu isə artıq təkcə əmək məsələsi deyil, həm də insan hüquqları problemidir.
Aidiyyəti qurumlar araşdırma aparmalıdır
Əmək hüquqları üzrə hüquqşünaslar hesab edir ki, kommunal təsərrüfat sahəsində:
bayram günlərində əməkhaqqının hesablanması,
növbəli iş qrafikinin tətbiqi,
işçilərin istirahət hüququ,
bülletendə olan şəxslərin işlədilməsi
mütləq şəkildə yoxlanılmalıdır.
Əgər iddialar təsdiqini taparsa, məsul şəxslər inzibati məsuliyyət daşıya bilər.
Çünki qanun hər kəs üçündür — küçəni süpürən insan üçün də.
Hazırladı : Müstəqil araşdırmacı jurnalist
Tural Ümid Akif oğlu