
Nəsimi rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dövlət qurumları arasında keçirilən minifutbol turniri başa çatıb.
Turnir Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Yarışda rayon ərazisində fəaliyyət göstərən 9 dövlət qurumunun komandası iştirak edərək çempionluq uğrunda mübarizə aparıb.
Beynəlxalq Minifutbol Federasiyasının qaydalarına uyğun keçirilən yarış gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. Turnirin yekun nəticələrinə əsasən, Azərbaycan Dillər Universitetinin komandası I yerə layiq görülüb. Mənzil-Kommunal Təsərrüfatı Birliyinin qazilərdən ibarət komandası II, Azərbaycan Metrologiya İnstitutunun komandası isə III yeri tutub.
Turnirin bağlanış mərasimində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Sirac Axundov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda bildirilib ki, bu kimi idman yarışları dövlət qurumları arasında əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və gənclər arasında sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verir.
Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Turnirdə fəal iştirak edən bütün komandalara isə təşəkkürnamələr verilib.
