Bakı. Səhər saat 06:00.
Şəhər hələ oyanmayıb. Amma küçələrdə artıq süpürgə səsləri eşidilir. Bu səslər – cəmiyyətin ən görünməz təbəqəsinin həyatıdır.
Onların çoxu qadınlardır. Onların çoxunun evində isə:,xəstə valideyn var və ya I qrup əlilliyi olan uşaq var.
Amma sual budur: bu insanların hüquqları haradadır?
Qanun deyir: Qorunmalıdırlar
Kağız üzərində hər şey gözəldir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi açıq şəkildə deyir:
1.Əlilliyi olan uşağa baxan valideynlərə güzəştlər verilməlidir
2.Gecə və əlavə işlərə yalnız razılıqla cəlb olunmalıdırlar
3.Qısaldılmış iş vaxtı tətbiq edilə bilər
Amma bu maddələr çox vaxt reallıqda yoxa çıxır.
JEK sistemində isə “Qanun bir tərəfdə, həyat başqa tərəfdə”
Mənzil Kommunal Təsərrüfatı Birlikləri daxilində aparılan müşahidələr göstərir ki:
İşçilərə deyilir:
“İş çoxdur, qısaldılmış iş olmaz”
“Hamı işləyir, sən də işləməlisən”
“Razı deyilsənsə, çıx”
Bu isə artıq seçim deyil. Bu, məcburiyyətdir.
Sistem daxilində gizli sirr: ayrı-seçkilik və “day-daylıq” baş alıb gedir bəlkə də
Araşdırmanın ən narahatedici tərəfi isə açıq-aşkar qeyri-bərabərlikdir.
Kiminsə “day-dayı”, “krışası” varsa – işi yüngülləşir. Qohumluq əlaqəsi olanlar daha rahat şəraitdə işlədilir. Digərləri isə ən ağır fiziki işlərə yönləndirilir. Bəzi hallarda isə texnikin qohumu olan işçi kollektiv tədbirlərdən kənarda saxlanılır
briqadalar daxilində “bizimkilər” və “digərləri” bölgüsü yaranır yerlibazlıq açıq şəkildə hiss olunur
Bu artıq fərdi yanaşma yox, sistemli ayrı-seçkilikdir.
“İş görən bir nəfər, maaş alan bir neçə nəfər”
Sahədə çalışanların dediyinə görə, ən böyük ədalətsizliklərdən biri də budur:
Süpürgəçi səhərdən axşama qədər küçədədir Amma briqadir, texnik, sahə ustası: əlləri cibində gəzir siqaret çəkə-çəkə, rahat şəkildə vaxt keçirir lakin maaşı eyni sistemdən alır
Yəni:
İşləyən başqasıdır, maaşı əli cibində alan başqası
Bu isə artıq sadəcə narazılıq yox, istismar iddiasıdır.
Ən həssas qrup yenə diqqətdən kənarda qalır
Ən ağrılı məqam dəyişmir: evində xəstə olan
I qrup əlilliyi olan uşağa baxan işçilər nəzarətə alınmır, problemləri ilə maraqlanan yoxdur.
👉 Nə iş yükü azaldılır
👉 Nə sosial vəziyyət nəzərə alınır
👉 Nə də real dəstək göstərilir
Əksinə:
ən çox işlədilən və ən az qorunan qrup məhz onlar olur.
Adının çəkilməyini istəmiyən bir işçinin dilindən
“Uşağım birinci qrup əlildir. Səhər 6-dan axşam 4-ə qədər işləyirəm. Deyirəm azaldın saatımı, deyirlər ‘kim işləyəcək sənin yerinə?’ Qorxuram, işdən çıxarsalar nə edərəm…”
“Kiminsə qohumu var, rahat işləyir. Biz isə bütün yükü daşıyırıq. Şikayət etsək, deyirlər çıx işdən.”
Qanun isə deyir:
bu insanlar qorunmalıdır
Reallıq isə göstərir ki:
məhz bu insanlar ən çox istismar olunur
Ən həssas qrup – ən müdafiəsiz vəziyyətdədir.
Bəzən isə deyilir “Müavinət alırsan, bəsdir” – bu isə təhlükəli yanaşmadır
Bəzi rəhbərliklər işçilərə belə mesaj verir:
“Onsuz da dövlət sənə pul verir”
Bu isə: hüquqi cəhətdən yanlışdır etik baxımdan qəbuledilməzdir
Çünki:
👉 maaş – əməyin haqqıdır
👉 müavinət – sosial dəstəkdir
Bunlar bir-birini əvəz etmir.
Burda belə bir sual ortaya çıxır. İşçilər niyə susur?
İşdən çıxarılmaq qorxusu
Alternativ iş tapmamaq riski
Hüquqlarını bilməmək
Nəticədə:hüquq var, amma istifadə edən yoxdur
Bəs bunlara kim cavabdehdir?
Bu vəziyyət təkcə bir müəssisənin problemi deyil sistemli yanaşmanın nəticəsidir. Əgər qanun işləmirsə problem qanunda yox, onun icrasındadır. Nəticədə isə təmiz küçələr, amma çirkli sistem yaranır
Bu şəhərdə:
küçələr hər səhər təmizlənir
amma insanların hüquqları “süpürülür”
Süpürgəçi küçəni təmizləyir.
Amma onun haqqını kim təmizləyəcək?